Haqqında
Bəxtiyar Vahabzadə — şair, dramaturq, Xalq yazıçısı. Onun yaradıcılığı poeziyada azadlıq, millət və dil sevgisini tərənnüm edir.
Bəxtiyar Vahabzadə (16 avqust 1925, Nuxa – 13 fevral 2009, Bakı) — Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1945-ci ildən), Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2000), SSRİ (1984) və Azərbaycan SSR dövlət mükafatları laureatı (1976).Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə, 9 yaşı olduğunda onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X, XI və XII çağırış Azərbaycan Ali Sovetinə (1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Milli Şurası (Milli Məclisinin) üzvü[1]), 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
Xalqı oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.
Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.
Bəxtiyar Vahabzadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.